×
A
A
A
Sazlamalar

Bu il Qax rayonunda 14 subartezian və artezian quyusu qazılıb

Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamının icrası olaraq, bu il Qax rayonunda 14 subartezian və artezian quyusunun qazılması nəzərdə tutulurdu. Artıq bu quyuların hamısında qazma işləri tamamlanıb və onlar istismara hazır vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Baş mühəndisin sözlərinə görə, torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2014-2018-ci illərdə Qax rayonunda 54 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu, həmçinin minlərlə sakinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

 

Regionlar 2019-09-12 18:10:00