×
A
A
A
Sazlamalar

Mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər VİDEO

Yevlax, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələri iştirak edir. Sentyabrın 10-da mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 2-dən başlayan təlimlərə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235”, “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski UH-70”, “CH-47” “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib.
Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi, hava döyüşlərinin icrası və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Faiq Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, sentyabrın 10-da keçirilən təlimlərdə iki ədəd “F-16” qırıcı təyyarəsi Azərbaycanın hava məkanında təyin edilmiş bölgədə “MiQ-29” və “Su-25” təyyarələri ilə görüşərək önləmə və “Hava-Hava-Yer” tapşırıqlarını yerinə yetirməklə şərti düşmən hədəflərinə zərbələr endiriblər.
Faiq Əliyev bildirib ki, əvvəlki illərdə keçirilən təlimlərdən fərqli olaraq builki təlimlərdə Türkiyə Respublikasının istehsalı olan “ATAK” helikopterləri də iştirak edir. Təlimlərin gələn il Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulur.
Təlimlər sentyabrın 16-dək davam edəcək.

Regionlar 2019-09-10 17:42:00

Video