×
A
A
A
Sazlamalar

Ağsuda Aşura günü münasibətilə humanist aksiya keçirilib

Ağsu, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Aşura günü Ağsuda qanvermə aksiyası keçirilib. Ağsu şəhər Mərkəzi Dini İcma Nuran-Xatun məscidinin və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən humanist aksiyada dini icma sədrləri, imamlar və din xadimləri, habelə könüllülər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasında donorlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunublar. 127 nəfərdən qan götürülüb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Nurəddin İslamov AZƏRTAC-ın müxbirinə müsahibəsində talassemiya və hematologiya xəstəliyindən əziyyət çəkənlər üçün təşkil edilən humanist aksiyada insanların fəallığını diqqətə çatdıraraq deyib: “Hz.İmam Hüseynin şəhid olduğu bu gün hər bir müsəlman üçün ağrılıdır. İnsanların Aşura günündə qanvermə aksiyasında bu cür fəallıq göstərmələri çox təsirlidir. Bu aksiya onların Hz.İmam Hüseynə məhəbbət və ehtiramlarının nümayişidir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz imamlarının, eləcə də azadlığımız və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin ruhunu ehtiramla yad edir”.

Regionlar 2019-09-10 15:50:00