×
A
A
A
Sazlamalar

David Volfqanq: Azərbaycanın multikulturalizm modeli mükəmməldir

Bakı, 9 sentyabr, AZƏRTAC 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov sentyabrın 9-da Denomniasiyalararası Xristian Təşkilatının və Xristian Baytarlıq Missiyasının nümayəndələri və könüllüləri ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, sədr müavini ölkəmizdəki dini vəziyyət barədə məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Respublikamızda İslam və qeyri-İslam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır.
S.Heydərov, eyni zamanda, dünyada etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verildiyi, dini radikalizm və ekstremizm meyillərinin gücləndiyi bir dövrdə sülhə və sabitliyə nail olunmasında tolerantlıq prinsiplərinin təşviq edilməsinin əhəmiyyətinə toxunub. O, Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin öyrənilməsinə, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirib.
Denomniasiyalararası Xristian Təşkilatının və Xristian Baytarlıq Missiyasının nümayəndəsi David Volfqanq Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib. O, ölkəmizdə multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Din 2019-09-09 19:06:00