×
A
A
A
Sazlamalar

Hər bir məktəbli qarşısına məqsəd qoymalı və hədəfə çatmaq üçün ciddi çalışmalıdır

Zaqatala, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ali məktəblərə builki qəbul imtahanlarında Zaqatala şəhərindəki 3 nömrəli tam orta məktəbin məzunu Fazil Səfərov 690 bal toplayaraq birinci ixtisas qrupu üzrə respublikada ikinci nəticə göstərməyə müvəffəq olub. On birinci sinfin buraxılış imtahanında 290 bal toplayan Zaqatala məktəblisi qəbul imtahanı zamanı maksimum nəticə – 400 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. O, proseslərin avtomatlaşdırılması ixtisası üzrə ali təhsil alacaq.
Fazil Səfərov sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: “Hər bir məktəbli qarşısına məqsəd qoymalı və hədəfə çatmaq üçün ciddi çalışmalıdır. Məktəbdə oxuyarkən neft sahəsi üzrə yüksək ixtisaslı mühəndis olmağı arzulayırdım. Mən ilk hədəfimə çatdım, tələbə adını qazandım. Bu uğura nail olmaq mənim üçün çox vacib idi. Çünki yüksək ixtisaslı mütəxəssis olmaq üçün ali təhsil almaq mütləqdir. Məktəblilərə, xüsusilə buraxılış siniflərində oxuyan şagirdlərə məsləhətim odur ki, vaxtlarını boş, mənasız işlərə sərf etməsinlər, əyləncə həmişə olacaq. Bütün fənlərə eyni cür münasibət göstərsinlər, elmlərə dərindən yiyələnməyə çalışsınlar. Gələcəkdə mütləq indi çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Dövlətimizə, üzərimizdə əməyi olan müəllimlərimizə minnətdarlıq edirəm. Bizə göstərilən etimadı doğrultmaq, Vətənimizə layiqli şəxs kimi yetişmək üçün bundan sonra da səylə çalışacağam”.

Regionlar 2019-09-09 18:04:00