×
A
A
A
Sazlamalar

Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Bakı, 9 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Karbohidrogen resursları, xüsusilə də neft bəşəriyyətin həyatında əvəzolunmaz rol oynayan ən mühüm təbii sərvətlərdəndir. Tarixboyu enerji resursları qlobal, eləcə də milli iqtisadiyyatların inkişafını təmin edən misilsiz amil olub. Bu ehtiyatlara sahib bütün ölkələr yerin təkindəki nefti çıxarmaq üçün müxtəlif yolları sınaqdan keçiriblər. Azərbaycan da “qara qızıl”ın ağ günə çıxardığı ölkələrdəndir. Azərbaycan neft sənayesi özünün 172 illik tarixi boyunca xüsusilə qazma işi sahəsində böyük inkişaf yolu keçib.

Kimlər deyirdi ki, Azərbaycanda neft var?

Ölkəmizdə neft hasilatına dair məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunub. IX-XI əsrlərdə yaşamış ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərib, Əbu İshaq İstəxri və Əbu Həsən Əli Məsudi Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti barədə məlumat verib. XIII-XIV əsrlərdə italiyalı səyyahı Marko Polo Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, XVII əsrdə alman diplomatı və səyyahı Adam Oleari Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi isə XVII əsrdə neft mədənləri, neftin İran, Orta Asiya, Türkiyə, Hindistana daşınması və “qara qızıl”ın gətirdiyi gəlir haqqında söz açıb. Həmin dövrlərdə neft təkcə məişətdə yanacaq kimi, eləcə də tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

Dörd əsri ötən tarix: Kərki və beldən 6-cı nəsil qazma qurğusuna uzanan şərəfli yol

Primitiv üsul – ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyi qazmaçılarımızın kərki və beli ələ almalarına vadar etdi
Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş yazıdan məlum olur ki, Abşeronda ilk neft quyusu XVI əsrdə qazılıb. 35 metr dərinliyi olan quyunu 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu qazıb. Əmin Əhməd Razinin məlumatına görə, XVI əsrin əvvəlində Bakı ətrafında 500-dək belə neft çalası və quyusu olub.
Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olub, neftin Abşeron yarımadasından İran, Orta Asiya və Şimali Qafqaza aparılmasını təsvir edib. 1798-1803-cü illərdə isə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 metr və 30 metr uzaqlıqda 2 neft quyusu qazdırıb.

Mexaniki üsulla quyuların qazılmasına başlanıldı
“Qara qızıl”ın çıxarılma prosesi sonrakı dövrlərdə daha təkmil üsulların tətbiqi ilə yeni mərhələyə qədəm qoydu. Belə ki, 1847-ci ildə dünyada ilk dəfə Bibiheybətdə su quyularının qazılmasında istifadə olunan mexaniki üsulla qazılmış quyudan sənaye əhəmiyyətli neft alındı və həmin ildən Azərbaycanın neft sənayesinin inkişafı başlandı. Bu proses 1920-ci ilədək davam etdi.
Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edildi, neft hasilatı artdı, neft sənayesinin infrastrukturu inkişaf etməyə başladı. Bakı isə dünyanın sənaye mərkəzlərindən birinə çevrildi.

Sənaye üsulunun tətbiqi
1871-ci ildə dünyada ilk dəfə Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazıldı, “Balaxanı-Sabunçu-Ramanı” yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1901-ci ildə dünyada çıxarılan neftin 50 faizindən çoxu - 11 milyon tonu Azərbaycanda hasil edilirdi. Ölkəmiz bu göstərici ilə dünyada birinci yerə sahib olmuşdu.

Açıq dənizdə qazmaya başlanıldı
Sonrakı illərdə Azərbaycanda dünyada ilk dəfə dənizdə neftin çıxarılmasına başlanıldı. 1946-cı ildə dənizdə “Gürgan” yatağında qazma işləri aparıldı, ilk dəfə olaraq iribloklu özül quruldu, 1947-ci ilin noyabrında metal estakadaların tikintisinə başlanıldı. 1949-cu ilin noyabrın 7-də isə sahildən 40 kilometr aralıda, Bakıdan 90 kilometr uzaqlıqda “dünyanın səkkizinci möcüzəsi” adlanan “Neft Daşları” yatağı kəşf edildi və açıq dənizdə yataqların mənimsənilməsi prosesinin əsası qoyuldu.
Bu il 70 illiyini qeyd edəcək “Neft Daşları” yatağının aşkar olunması Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi, ölkəmiz açıq dənizdə neft hasilatının pioneri kimi dünyada tanındı. Bu vaxtadək “Neft Daşları”ndakı yataqlardan 180 milyon tonadək neft hasil olunub.
“Neft Daşları” dünyada dənizdə qurulan ilk neft platforması kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

Milyardıncı ton neft çıxarıldı
1969-cu ildən başlayaraq Azərbaycanda neft-qaz sənayesi yüksək dinamik inkişaf mərhələyə qədəm qoydu. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılması Azərbaycan neftçilərinə həvalə etdi.
1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda Dövlət Neft Şirkətinin neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar olundu. 1971-ci il martın 28-də respublikamızda milyardıncı ton neft çıxarıldı, bunun tarixi hadisə kimi qeyd olunması isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Həmin dövrdə Xəzərdə istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metrədək olan sahələrdə işləməyə imkan verirdi. Bu sahələrdəki bütün neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar olunmuşdu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və digər gəmi növləri gətirildi.

Yeni kran və gəmilərdən istifadə
Həmin illərdə Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, dənizin 70 metr dərinliyindəki sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan qazma qurğusu alındı, dənizin daha dərin sahələrində zəngin neft-qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə 8 yeni neft-qaz yatağı kəşf edildi, neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artdı.
1970-80-ci illərdə dənizdə neft-qaz yataqlarının işlənilməsi, suyun dərinliklərində olan yataqlardan neft hasil edilməsi məqsədilə yeni qurğuların yaradılması zərurəti meydana çıxmışdı. Bu məqsədlə o illərdə üzən yarımdalma qazma qurğularının qurulması və istifadə edilməsi məsələsi həll olundu. Həmin illərdə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf-1” üzən qazma qurğusundan istifadəyə başlanıldı. Sonra ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qurğuları istifadəyə verildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.

Yarımdalma qazma qurğuları daha da təkmilləşdirildi
Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqları, ümumiyyətlə, Xəzər bölgəsindəki enerji ehtiyatları belə qazma qurğularının çox olmasını tələb edirdi. Azərbaycana dünyada müasir və yüksək səviyyəli texnika, texnologiya gətirilir, bu da ölkəmizin həm neft sənayesini inkişaf etdirmək üçün mühüm əhəmiyyət daşıyırdı.
Müstəqillik illərində “Şelf” adı ilə kodlaşdırılan köhnə qazma qurğuları yeni adda və tərtibatda “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi modern dərin qazma qurğularına çevrildi. Bununla da dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işləri aparıldı. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin 1000 metrədək hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaratdı.

Beynəlxalq şirkətlərin cəlbi ilə daha dərin qatlarda qazma əməliyyatları
1994-cü ildən sonra Azərbaycan nefti epopeyasının yeni parlaq mərhələsi başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı ki, sonradan bu saziş öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətləri ilə belə sazişin imzalanması ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin ifadəsi idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı.
Cari ildə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb. İşlənmənin əvvəlindən indiyədək AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Bu ilin yanvar-iyun aylarında isə blokda 7 neft hasilat quyusu qazılıb.

SOCAR hansı qazma üsullarından istifadə edir?
Dövlət Neft Şirkəti artıq 1994-cü ildəki şirkət deyil. Aparıcı reytinq agentliklərinin fikrincə, SOCAR 2009-cu ildən dünyanın ən iri 50 şirkəti sırasındadır. Hazırda transmilli şirkətə çevrilən və ölkə iqtisadiyyatının lokomotivi olan Dövlət Neft Şirkəti axtarış-kəşfiyyat və qazma işləri sahəsində müasir texnologiyalara yiyələnmiş şirkətdir. Tarixi qazma ənənələrinə sadiq qalan və yeni texnologiyaların tətbiqinə önəm verən SOCAR hazırda quyuların qazılmasında müxtəlif üsullardan istifadə edir:
• Rotor qazıması: Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;
• Turbin qazıması. Bu zaman balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür.
• Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.
SOCAR 2000-ci ildən indiyədək 2,8 milyon metrədək qazma işləri həyata keçirib və 1550-dək hasilat quyusu qazıb. Son 2 ildə isə şirkət qazma işlərinin həcmini 66 faiz artırıb. SOCAR-ın həyata keçirdiyi qazma işlərinin 20 faizədək hissəsini SOCAR AQŞ, 80 faizdən çoxunu Kompleks Qazma İşləri Tresti görüb.

BP kimi ən müasir texnologiyalara əsaslanan qlobal şirkətin təcrübəsi
BP-nin AÇG yataqlar blokunun işlənməsində iştirakı şirkətin Xəzərdə ən müasir texnologiyaları tətbiq etməsinə gətirib çıxarıb. Şirkət Azərbaycanda bir sıra qabaqcıl texnologiyalarını uğurla tətbiq edib. Platformadan kifayət qədər uzaq məsafədə yerləşən horizontun açılması nöqtələrinə çatmağa və bununla da hasilatı artırmağa imkanı verən uzaq məsafəyə maili qazma texnologiyası BP-nin bu vaxtadək uzaq məsafəyə ən uzun maili quyunu qazmasına səbəb olub. Həmin quyu “Çıraq” platformasından 6,4 kilometr məsafədə yerləşir. Bu texnologiya qarşıdakı onilliklərdə AÇG yatağında layın neftverimini maksimuma çatdırmağa imkan verəcək.
Şirkətin daha bir yeni texnologiyası isə lay dəstəsinin qalınlığı böyük olan quyuların tamamlanmasına və beləliklə də hasilat templərinin artırılmasına imkan yaradan yüksək bucaqlı qazma texnologiyasıdır. “BP Well Advisor” proqram təminatı real-vaxt rejimindəki məlumatlardan istifadə edərək quyu əməliyyatlarının təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Bu proqram qazmanın səmərəliliyini artırır və qeyri-məhsuldar vaxtı azaldır. Proqram Xəzər regionunda 2012-ci ildə tətbiq edilib və həmin vaxt bəzi platformalarda qoruyucu kəmərin endirilməsini izləyən idarəetmə konsolu fəaliyyətə başlayıb. Bu idarəetmə konsolu hazırda Xəzər dənizində BP-nin idarə etdiyi bütün platformalarda və səyyar qazma qurğularında fəaliyyət göstərir.
Şirkət genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları məhz “Dərinsulu Günəşli” yatağında istismara verib. Bu tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaldıb və onları dəniz dibindən işə salmaqla platformadan uzaq məsafəyə maili qazmaya olan zərurət aradan qaldırılıb.

“Şahdəniz”də 16 quyu qazılıb
Bu il “Şahdəniz” strukturunun kəşfindən 65 il ötür. Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olan “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən ölkə kimi tanıtdırdı. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən “Şahdəniz”də 2006-cı il dekabrın 15-də ilk quyu istismara verilib. Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə isə 26 qazma quyusu daxildir ki, “İstiqlal” və “Maersk Explorer” qurğuları “Şahdəniz Bravo” platformasından hasilat üçün 16 quyu qazıb, bunlardan 12 quyu tamamlanıb.
Hasilata başlanandan bəri “Şahdəniz”dən 108 milyard kubmetr qaz və 27 milyon ton kondensat əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur.

Azərbaycan hazırda Xəzərdə ən dərin quyuları qazır
Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzərdə ən dərin quyunun qazılması üzrə rekorda nail olub. Qazma işləri “Abşeron Neft” Birgə Müəssisəsinin (JOCAP) operator olduğu “ABD-001” yatağında aparılıb. Quyu bu il aprelin 15-də 7411 metr dərinliyə çatıb. Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.
“Abşeron” qaz-kondensat yatağında işləyən və Xəzərdə analoqu olmayan Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənir. Ən müasir avadanlıqla, böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilən qurğu dənizdə suyun 1000 metr dərinliyədək hissələrində qazma əməliyyatları həyata keçirə bilir.
Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Milli qazma sənayesində yeniliklər
2008-ci ildə qazma əməliyyatlarına başlayan və böyük nailiyyətlər qazanan SOCAR AQŞ milli qazma sənayesində yeniliyə imza atıb. 3000 at gücünə malik olan “Drillmec HP” yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə “Bulla” yatağının 6 nömrəli dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin bir dəfəyə endirmək cəhdini uğurla həyata keçirib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
SOCAR AQŞ-nin Britaniyanın “KCA Deutag” şirkəti ilə təsis etdiyi “Turan” Qazma və Mühəndislik şirkəti isə Azərbaycanda müştərək əməliyyatların daha da genişləndirilməsinə zəmin yaradır. Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft-qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirir.

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Neft - qaz 2019-09-09 16:42:00