×
A
A
A
Sazlamalar

Bərdəli məzunlardan 561 nəfəri ali məktəblərə qəbul olub

Bərdə, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1145 nəfər məzundan 810 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 561 nəfər ali, 184 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 115 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Bərdədə ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıblar. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
Diqqətə çatdırılıb ki, builki imtahanlarda ən yüksək nəticə göstərən Bərdə şəhər 5 nömrəli tam orta məktəbin məzunu Təhmin Muradov 695,6 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Zərifə Əliyeva adına məktəb-lisey göstərib. Bu təhsil ocağını bitirən 108 məzundan 105 nəfəri imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 81-i ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında məktəb-liseyin məzunlardan 13 nəfəri 500-dən, 9 nəfəri 600-dən çox bal toplayıb.
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin humanitar təmayüllü sinfin 27 məzununun hamısı, şəhər 1 nömrəli tam orta məktəbin 18 məzunundan 14-ü, 2 nömrəli tam orta məktəbin 30 məzunundan 20-si, 3 nömrəli tam orta məktəbin 40 məzunundan 28-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 3 nəfəri qızıl, 2 nəfəri isə gümüş medala layiq görülüb.
Tədbirdə çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda 500-dən yüksək bal toplayan gənclərə hədiyyələr verilib. Tədbir konsert proqramı ilə başa çatıb.

Regionlar 2019-09-09 12:52:00