×
A
A
A
Sazlamalar

Astarada mədəniyyət müəssisələrində keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib

Astara, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara Rayon Mədəniyyət Mərkəzində keçirdiyi müşavirədə rayonun mədəniyyət müəssisələrində 2019-cu ilin səkkiz ayında görülmüş işlər və mədəniyyət müəssisələrində keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli bu ilin səkkiz ayında görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə bu ilin səkkiz ayında görülmüş işlərlə bağlı Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanovun, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədovun, Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayevanın, Astara Rayon Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazovun, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılovanın hesabat məruzələri dinlənilib.
Müşavirədə mədəniyyət sahəsində mövcud olan problemlər müzakirə edilərək, işçiləri maraqlandıran suallar cavablandırılıb.
İdarə rəisi Vüsal Nəsirli aparılmış monitorinqin nəticələri barədə danışaraq, monitorinqlərin davam etdirildiyini qeyd edib. O, mədəniyyət müəssisələrinin rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və mədəniyyət müəssisələri arasında iş və təcrübə mübadilələrinin aparılmasına dair müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
Müşavirənin sonunda Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalında fərqlənən bir qrup mədəniyyət işçisinə Lənkəran Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim edilib.
Tədbir iştirakçıları, həmçinin Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Regionlar 2019-09-08 10:13:00