×
A
A
A
Sazlamalar

Gəncədə ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayanlar mükafatlandırılıblar

Gəncə, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 2018-2019-cu tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2018-2019-cu tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ali məktəblərə yüksək bal toplayaraq qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında bildirib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binaları tikilir, məktəbəqədər müəssisələr təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir. Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları, elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Gəncə təhsilində qazanılan nailiyyətlər də göstərilən bu diqqət və qayğının nəticəsidir.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2018-2019-cu tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərir. 2018-2019-cu tədris ilinin məzunlarından 2033 nəfəri ali məktəblərə sənəd təqdim edib ki, onların da 58,63 faizi ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olanların 248 nəfəri 500-dən, 79 nəfəri 600-dən, 11 nəfər isə 650-dən yuxarı bal toplayıb.
Tədbirdə tələbə adını qazananlar və onların valideynləri də çıxış ediblər.
Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbi qızıl medalla bitirən Təhminə Əliyeva sevincini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, 636,4 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub. Əldə etdiyi uğurda müəllim və valideynlərinin böyük əməyinin olduğunu vurğulayan Təhminə Əliyeva, onlara dərin təşəkkürünü ifadə edib.
Cəfər Cabbarlı adına Gəncə şəhər 6 nömrəli tam orta məktəbin məzunu Dilarə Hüseynovanın atası Səbuhi Hüseynov isə bildirib ki, qızının şəhər üzrə ən yüksək – 679,2 bal toplaması bir valideyn kimi onu çox qürurlandırır. O, gənclərin keyfiyyətli təhsil ala bilmələri üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bu il tələbə adını qazanan məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyiblər.
Sonda bu il şəhər üzrə yüksək bal toplayan 11 tələbəyə hədiyyələr təqdim olunub.

Regionlar 2019-09-07 17:27:00