×
A
A
A
Sazlamalar

Jurnalistlər “Şimal-2” elektrik stansiyasının fəaliyyəti ilə tanış olublar VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

“Azərenerji” ASC jurnalistlər üçün “Şimal-2” elektrik stansiyasına (ES) mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev stansiyanın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“1950-ci illərdə istifadəyə verilən “Şimal” elektrik stansiyası 90-cı illərdə tam köhnəldiyindən istismardan çıxarılıb və 2000-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə yenidən təməli qoyulan 400 meqavatlıq “Şimal-1” elektrik stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. 2018-ci ilin payızından başlayaraq “Şimal-2” ES-in tikinti və montaj prosesi sürətləndirilib. Bu il sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə “Şimal-2” elektrik stansiyasının açılışı olub”, - deyə o bildirib.
“Şimal” ES-in texniki göstəriciləri barədə danışan stansiyanın direktoru Asəf İsmayılov qeyd edib ki, 400 meqavat gücündə olan “Şimal-2” ES-in əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir. Faydalı iş əmsalı 57,4 faiz olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik olan elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerji istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjisinin buraxılışına 214 qram şərti yanacaq sərf oluncaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir.
Stansiyada soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsi ilə daxil olur. “Şimal-2” layihəsi ilə əlaqədar yeni su hazırlayıcı qurğu istismara verilib. Qurğu dənizdən götürülən suyu süzgəclərdən keçirərək həm də texniki və içməli su keyfiyyətinə çatdırır.
Hər birinin gücü 280 meqavolt amper olan 2 avto transformator 220 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan sistem əhəmiyyətli 220 kilovoltluq 4 hava xətti çıxır.
“Bununla yanaşı, ərazidə 5 min və 3 min kubmetrlik su çəni, qaz kompressor, məişət-maye axıntılarının və axıntı suların təmizləyici qurğuları da inşa edilib. Ərazidə yeni təmir emelatxanası və anbar binası tikilib. Ən müasir üslubda inşa edilən idarəetmə binası vasitəsilə hər iki elektrik stansiyası mərkəzləşdirilmiş qaydada avtomatik idarə edilir. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları paralel olaraq istismar edilən zaman daha stabil və qənaətcil olur. Hər iki stansiyanın blokları arasında buxar xəttinin çəkilməsi işəsalma əməliyyatlarını maksimum dərəcədə sürətləndirib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə ildə 5,7 milyard kilovat/saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. İnzibati cəhətdən strateji əhəmiyyət daşıyan, itkilərin azalmasına səbəb olan, ümumilikdə respublikanın 20, Bakı və Abşeron yarımadasının elektrik enerji tələbatını 40-50 faizədək ödəyəcək bu stansiyalar ölkənin enerji təhlükəsizliyi və təminatının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə A.İsmayılov bildirib.
Sonda media nümayəndələrinə “Şimal-2” ES-in fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Energetika 2019-09-07 17:24:00

Video