×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Çində qardaş şəhərlərin merlərinin beynəlxalq konfransında iştirak edib

Pekin, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 4-6-da Çinin Cıcian vilayətinin inzibati mərkəzi olan Xancou şəhərində "Rəqəmsal iqtisadiyyat və ağıllı şəhər" mövzusunda qardaş şəhərlərin merlərinin beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən 22 şəhər rəhbərinin, Çindəki diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdikləri tədbirə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti qatılıb.
Tədbirin rəqəmsal "İqtisadiyyat, innovasiyalar və sahibkarlıq", "Gələcək 5G dövründə ağıllı şəhər" və "Süni zəka tətbiqi" mövzularında bölmə iclasları keçirilib.
Çin Kommunist Partiyasının (ÇKP) Cıcian vilayət daimi komitəsinin üzvü, partiyanın Xancou şəhər komitəsinin sədri Cou Cianyon konfrans iştirakçıları ilə görüşüb. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri İpək Yolu vasitəsi ilə təməli qoyulan münasibətlərimizin tarixindən söz açıb. Qeyd olunub ki, son zamanlar dinamik şəkildə inkişaf edən və müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi hər iki tərəf üçün faydalıdır.
Azərbaycanın səmimi dost kimi Çinin inkişafına sevindiyini bildirən F.Hüseynova tarixi köklərə söykənən xalqlarımızın dostluq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.
ÇKP Xancou şəhər komitəsinin sədrinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Çin gözəlini də vəsf etdiyi "Yeddi gözəl" əsəri təqdim olunub.
Cou Cianyon cari ilin iyulunda ölkəmizə səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, ölkəmizdə və Bakı şəhərində gördüyü inkişafın onda dərin təəssürat yaratdığını deyib.
Tədbir çərçivəsində "Xancou beynəlxalq günü" adlı mərasim keçirilib, "Dostluq parkı"nda birgə ağac əkilib. Azərbaycan nümayəndə heyətinin əkdiyi ağacın qarşısında "Azərbaycan Respublikası Bakı şəhəri" sözləri yazılmış lövhəsi yerləşdirilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri "Hangzou1" TV kanalına və "Hangznou Daily" qəzetinə müsahibə verib.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2019-09-06 16:42:00