×
A
A
A
Sazlamalar

Tbilisi merinə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib

Tbilisi, 4 sentyabr, AZƏRTAC

Tbilisi şəhərinin meri Kaxa Kaladze “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Kaxa Kaladze Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin Tbilisi ilə Bakı arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov medalı K.Kaladzeyə təqdim edib.
Dursun Həsənov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycan ilə Gürcüstan arasındakı dostluğun sarsılmaz olduğunu bildirib.
Mükafata görə minnətdarlığını bildirən K.Kaladze deyib: “Çox məmnunam ki, bu mükafata layiq görülmüşəm. Bu mükafata görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Energetika naziri olanda biz birgə Gürcüstan və Azərbaycanın maraqlarına uyğun bir sıra əhəmiyyətli layihələr həyata keçirmişik. Şadam ki, ölkələrimiz arasındakı bu münasibətlər daha da inkişaf etdirilir. Azərbaycan bizə tərəfdaş ölkədir və biz bu ölkə ilə münasibətlərə dəyər veririk”.
Görüşdə, SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da iştirak edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-09-04 21:35:00