×
A
A
A
Sazlamalar

İsmayıllıda dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 29-30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsinin, dini sahədə sabitliyə nail olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib. İsmayıllıda dini durumun sabit olduğunu vurğulayan R.Ağayev bildirib ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini vurğulayıb. O, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə məlumat verib.
Dövlətin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən komitə rəsmisi, eyni zamanda, gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb. Bildirib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan məharətlə istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal ekstremist, xurafat, antimilli formaya salınır. Bu baxımdan milli dövlətimizin ideologiyasının tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda, onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar. Geniş təbliğat imkanına, tribunaya, ibadət evlərində söz kürsüsünə malik şəxslər bu imkanlardan maksimum istifadə etməli və minbərin din pərdəsi altında mənfəətpərəst insanların əlinə keçməsinə qətiyyən yol verməməlidirlər.
“Din xadimləri üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı uğurla həyata keçirməlidirlər. Əks halda bu, cəmiyyətdə ictimai-siyasi vəziyyətin arzuolunmaz məcraya yönəlməsinə, eləcə də milli dövlət maraqlarımıza xələl gəlməsinə, vəhdət və həmrəylik mühitimizin pozulmasına səbəb ola bilər”, - deyə komitə rəsmisi diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə 2200-dən çox məscidin mövcud olduğunu vurğulayan QMİ rəsmisi son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işlərini, yeni dini ibadətgahların inşasını dövlət başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsi adlandırıb.
Dövlət Komitəsinin Mərkəzi Aparatının əməkdaşları Tərxan Paşayev və Orxan Maşayev çıxışlarında dini radikalizmin və zərərli ideologiyaların yayılmasına qarşı mübarizənin vacibliyi, eləcə də dini maarifləndirmənin rolu barədə danışıblar.
Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.
Seminar-müşavirə müzakirələrlə başa çatıb.

Din 2019-08-30 16:12:00