×
A
A
A
Sazlamalar

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin, icra hakimiyyətinin nümayəndələrinin, bələdiyyə sədrlərinin, din xadimlərinin, dindarların və gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, dövlətimizin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Rayonda dini durumun sabit olduğunu qeyd edən icra hakimiyyətinin başçısı onu da bildirib ki, Suraxanı ərazisində 12 məscid və 1 ziyarətgah fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılmasıdır. O, DQİDK-nın digər müvafiq qurumlarla birgə bu sahədə mütəmadi işlər həyata keçirdiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi və dini durumun sabit olduğunu vurğulayan sədr müavini deyib ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib. O, Bakıda keçirilən Mədəniyyətlərarası və Humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.
Dünyada gedən proseslərə nəzərə salan Səyavuş Heydərov deyib ki, bəzi qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən istifadə edirlər. Son dövrlərdə dünyada, o cümlədən müsəlman ölkələrində baş verən məzhəblərarası qarşıdurmalarda və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. İslam dini əslində sülh, əmin-amanlıq dinidir. Bu din inkişafa, elm və təhsilə xüsusi önəm verir. İslamda xurafat elementləri yoxdur.
Komitənin sədr müavini hər kəsi dini radikalizmə qarşı ayıq-sayıq olmağa çağıraraq cəmiyyətə, xüsusilə gənclərimizə yad dini ideologiyaların təsirinə məruz qalmamağı tövsiyə edib. O deyib ki, vətəndaşlarımız milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalıdırlar.
Səyavuş Heydərov sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir.

Din 2019-08-26 17:03:00