×
A
A
A
Sazlamalar

Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir

Şərur, 24 avqust, AZƏRTAC
Aparılan məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur rayonunda ailə təsərrüfatlarının sayı 115-ə çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatçılarının iştirakı ilə keçirilən seminar-müşavirədə danışılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Anar Zeynalov bildirib ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər Şərur rayonundakı belə təsərrüfatların da inkişafına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Rayon ərazisində 5 hektar sahədə yer fıstığı və 1,2 hektarda qızılgül əkini aparılıb, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.
“Ötən dövr ərzində rayonda ailə təsərrüfatçılarına öz təsərrüfatlarını genişləndirmək üçün 61 min 600 manat kredit verilib. Eyni zamanda, hüquqi və fiziki şəxslərə 1 milyon 419 min 100 manat dəyərində 71 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlığı lizinq yolu ilə güzəştli şərtlərlə satılıb”, – deyən Anar Zeynalov vurğulayıb ki, keçirilən “Ailə təsərrüfatı məhsulları” festivallarında rayondakı ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur. Ötənilki festivala rayonun 84 ailə təsərrüfatçısının iştirakı ilə 221 növdə 6 minə yaxın qablaşdırılmış məhsul çıxarılıb. Bu, növbəti tədbirlərdə məhsul sayının artacağına əminlik yaradır.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramovun da çıxışları dinlənilib.
Sonra suallar cavablandırılıb.

Regionlar 2019-08-24 10:46:00