×
A
A
A
Sazlamalar

Azərbaycan polisi xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, nümunəvi vətəndaşlar kimi xeyirxah əməllər də yerinə yetirir REPORTAJ VİDEO

Bakı, 23 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC

Hər bir ölkədə ictimai asayişin, təhlükəsizliyin və hüquq qaydasının təmin olunması o dövlətin fəaliyyətində həyati əhəmiyyət kəsb edir. Bütün dövlətlərdə bu mühüm vəzifənin təmin edilməsində polis həlledici rol oynayır. Polis hüquq qaydasının möhkəmləndirilməsi, kriminogen duruma nəzarət edilməsi, ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, daxili sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması kimi genişmiqyaslı fəaliyyət həyata keçirir. Buna görə də hər birimiz istənilən yerdə polis əməkdaşlarını gördükdə özümüzü sabitlik və təhlükəsizlik şəraitində hiss edirik. Bu hissi, bu güvəni bizə polis bəxş edir.
Sevindirici haldır ki, Azərbaycan polisi bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlir. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, gündəlik həyatda da nümunəvi vətəndaşlar kimi bir sıra xeyirxah əməllər yerinə yetirirlər. Mətbuatda, sosial şəbəkələrdə çətin vəziyyətlərlə üzləşən, xüsusilə yaşlılara və qadınlara kömək edən polis əməkdaşları ilə bağlı xəbərlərə, görüntülərə tez-tez rast gəlirik. Bütün bunlar Azərbaycan polisinin öz peşəsinə bağlılığı ilə yanaşı, nəcib əməllərinin də göstəricisidir.
AZƏRTAC-ın çəkiliş qrupu cəmiyyətdə ən həssas və ağrılı problemlərdən olan şiddətə, zorakılığa məruz qalmış və polisin müdaxiləsi ilə bu çətin vəziyyətdən xilas edilmiş qadınların məskunlaşdıqları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaqda olub. İctimai Birliyin sədri Mehriban Zeynalova rəhbərlik etdiyi təşkilat, eləcə də sığınacaq barədə danışaraq deyib: “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki sığınacaq 2002-ci ildən fəaliyyət göstərir. Çətin həyat şəraitinə düşmüş qadın və uşaqlara xidmət edən sığınacaqda ötən illər ərzində yüzlərlə qadın və uşaq yerləşdirilib, normal həyata qaytarılıb. Sığınacaqda yerləşdirilən şəxslər qida, geyim və s. məişət ehtiyacları ilə yanaşı, hüquqi, psixoloji, tibbi yardımla da təmin edilirlər. İctimai Birlik də çətin vəziyyətə düşmüş qadın və uşaqların normal həyata qayıdışına fəal yardım göstərib.
Ümumiyyətlə, son illər müraciətlərin sayı çoxalıb. Buna səbəb ailədaxili münaqişələrdir. Əksər vaxtlar qadınlar həyat yoldaşlarının etinasızlığı və zorakılığı nəticəsində evlərini tərk etməli olur. Belə hallarda həm qadınlar, həm də onların övladları çətin vəziyyətə düşürlər. Məhz bu sığınacaq belə vəziyyətlə üzləşən qadınları və uşaqları himayəsinə götürür və onların cəmiyyətə inteqrasiyasına töhfə verməyə çalışır. Burada qadınlara hüquqi, psixoloji, tibbi yardım göstərilir, onların peşə reabilitasiyasına ciddi fikir verilir. Sığınacaqda, həmçinin uşaqların təhsilinin bərpası, peşə kurslarına istiqamətləndirilməsi, qida və geyim məsələləri də ən yüksək səviyyədə təmin edilir”.
İctimai Birliyin və sığınacağın öz fəaliyyətində polislə sıx və səmərəli əməkdaşlıq etdiyini vurğulayan Mehriban Zeynalova deyib ki, gender əsaslı zorakılıq qurbanları ilə işlədiyimizə görə polislə əməkdaşlıq fəaliyyətimizin əsas tərkib hissəsidir. Bu illər ərzində müşahidə etdiyimiz müsbət hal polisin gender əsaslı zorakılıq qurbanları ilə davranışının yüksək səviyyədə olmasıdır. Polisin məişət zorakılığı, insan alveri qurbanları, gender əsaslı digər zorakılıq qurbanları ilə davranışı daim təkmilləşir. Bir neçə il əvvəl Daxili İşlər Nazirliyinə müraciət etdik və rayonlarda məişət zorakılığı, gender əsaslı zorakılıq qurbanları ilə davranış modelinə dair təlimlərlə bağlı dəstək aldıq. Həmin təlimləri 24 rayonda təşkil etdik. Bizə ünvanlanan müraciətləri həmin təlimlər zamanı təqdim etdik. Bu gün polislər həmin stolüstü materiallardan istifadə edirlər. Bundan başqa, sığınacağa daxil olan şəxslər arasında müəyyən sorğular da aparırıq. Sorğular zamanı rəyi soruşulanlar polisin operativ və nümunəvi fəaliyyətini dərin minnətdarlıq hissi ilə qeyd edirlər. Onlar məhz polisin vaxtında müdaxiləsi sayəsində zorakılıq hallarından xilas edildiklərini bildirirlər. Təkcə onu demək kifayətdir ki, hazırda sığınacaqda məskunlaşanların 70 faizi məhz polis tərəfindən buraya istiqamətləndirilib.
Mehriban Zeynalova bildirib ki, polislər xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, tez-tez adi vətəndaş kimi də sığınacaqdakı qadın və uşaqlara baş çəkir, onlara dəstək olur, problemlərinin həllinə kömək etməyə çalışırlar. Azərbaycan polisinin bu nümunəvi davranışını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan polisi bununla demək istəyir ki, mən adi vətəndaş kimi də bu problemə qarşı biganə qala bilmərəm, həmişə buradayam, yardım etməyə hazıram. Bunun ən böyük mənəvi cəhəti ondan ibarətdir ki, qarşı tərəf də artıq tək olmadığını, dövlət qurumunun, eləcə də bir əməkdaşın onun müdafiəsinə qalxdığını, təhlükəsizliyini təmin etdiyini anlayır. Əksər hallarda polis əməkdaşları ilə birlikdə barışıq prosesində də iştirak etmişik, ailələri barışdırmışıq. Həmin prosesdə polisin iştirakı, fəal dəstəyi, təcavüzü törədən tərəflə izahedici söhbətlər aparması və ona qanunvericiliyin tələblərini başa salması müsbət nəticələr verir. Polisin cəmiyyətdəki nüfuzu bu proseslərin müsbət nəticələnməsində mühüm rol oynayır.
Sığınacaqda məskunlaşan qadınlar da çəkiliş qrupumuzla söhbətlərində məhz Azərbaycan polisinin vaxtında və operativ müdaxiləsi nəticəsində çətin durumdan, zorakılıq və şiddət hallarından xilas olduqlarını dərin minnətdarlıq hissi ilə bildiriblər.
Onlardan biri də polis əməkdaşlarının çətin durumda harayına yetişdiyi Şəmkir rayonundan olan Arzu xanımdır. İyirmi beş yaşlı Arzu ailədaxili problemlərin tez-tez baş verdiyini və hər dəfə həyat yoldaşı tərəfindən zorakılıq və şiddət hallarına məruz qaldığını vurğulayaraq deyib: “Şəmkir Rayon Polis İdarəsinə müraciət edərkən mənə dərhal kömək göstərildi və bir yaş dörd aylıq övladımla birlikdə bu sığınacaqda yerləşməyimə şərait yaradıldı. Hazırda Mehriban xanım, polis əməkdaşları bizim təhlükəsizliyimizi və rahatlığımızı tam şəkildə təmin edirlər. Burada övladıma yüksək diqqət və qayğı göstərilir. Mənim kimi onlarla çarəsiz qadına dəstək olduqlarına görə polis əməkdaşlarına və Mehriban xanıma ürəkdən minnətdaram”.
Adının açıqlanmasını istəməyən növbəti müsahibimiz məhz polis əməkdaşlarının vaxtında müdaxiləsi ilə çətin durumdan xilas olduğunu deyib: “Ailəmdə tez-tez problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Boşandıqdan sonra ailəm məni qəbul etmədi. Çarəsiz və ümidsiz halda idim, nə edəcəyimi bilmirdim. Belə vəziyyətdə son ümid yeri kimi Abşeron Rayon Polis İdarəsinə müraciət etdim. Polis əməkdaşları dərhal mənə kömək etmək üçün lazımi tədbirlər gördülər. Məni sığınacağa gətirdilər və həmin vaxtdan burada qalıram. Bunu ayrıca demək istəyirəm ki, polis əməkdaşları məni buraya gətirməklə kifayətlənmir, tez-tez sığınacaqla əlaqə saxlayır, buraya gəlir, problemlərimlə maraqlanırlar”.
Sığınacaqdakı digər qadınlar da çəkiliş qrupumuzla söhbətlərində Azərbaycan polisinin bu humanist addımları ilə bağlı çoxlu sayda faktlardan danışdılar. Hətta sığınacaqdakı uşaqların bir neçəsi polisimizin bu nəcib fəaliyyətindən ilham alaraq böyüyəndə polis olmaq arzularını ifadə etdilər.
Bütün bunlar onu göstərir ki, Azərbaycan polisi təkcə xidməti borcunu layiqincə yerinə yetirmək, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qorumaqla bitmiş hesab etmir, nəcib və humanist fəaliyyət də həyata keçirir. Polis əməkdaşı xidmətdən kənar vaxtda da peşəsinə və amalına sadiq qalaraq çətin vəziyyətdə olan insanların köməyinə çatır, onlara yardım əli uzadır. Əqidəsinə, peşəsinə sadiq polis əməkdaşlarının fəaliyyəti nəticəsində bu gün ölkəmizdə ictimai asayiş, əhalinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur.

Sosial 2019-08-23 19:08:00

Video