×
A
A
A
Sazlamalar

Sloveniyanın Baş Naziri Krşko AES-də ikinci reaktorun tikilməsində israrlıdır

Lyublyana, 23 avqust, AZƏRTAC

Sloveniyanın Baş Naziri Maryan Şarets ölkədəki yeganə atom elektrik stansiyası olan Krşkonun ikinci reaktorunun tikilməsində israrlıdır.
AZƏRTAC xəbər verir ki, qonşu Avstriya tərəfindən etirazla qarşılanan bu layihə tədricən iki ölkə arasında mübahisəli məsələyə çevrilməkdədir. Ötən əsrin 70-ci illərindən nüvə enerjisindən imtina edən Avstriya rəsmiləri qonşu ölkələrdəki AES-lərlə bağlı mütəmadi olaraq tənqidi fikirlər səsləndirir, texniki nasazlıqlara görə onların bağlanmasını və həmçinin yeni reaktorların tikilməməsini tələb edir.
Sloveniyanın Baş Naziri M.Şarets bu AES-ə səfəri zamanı Xorvatiya və Sloveniyanın birgə istismarında olan 770 meqavatlıq stansiyanın genişləndirilməli olduğunu bildirib. O, gələcəkdə daha çox enerjiyə olacaq tələbatı nəzərə alaraq, ikinci reaktor blokunun inşası üçün lazımi bütün addımların atılmalı olduğunu qeyd edib. Yeni reaktorun ölkənin iqtisadi inkişafında mühüm amilə çevriləcəyini deyən Baş Nazir onun inşası üçün müvafiq ekspert rəylərinin alınacağını və əlbəttə ölkə parlamentinin razılığına ehtiyac olduğunu bildirib.
Ötən əsrin 80-ci illərində istifadəyə verilən AES-in fəaliyyətinə 2023-cü ildə son qoyulması nəzərdə tutulsa da, 2015-ci ildə Sloveniya və Xorvatiya arasında stansiyanı daha 20 il işlətmək barədə razılıq əldə olunub.
AES-in fəaliyyətinin dayandırılmasını tələb edən qeyri-hökumət təşkilatları bir tərəfdən onun köhnəldiyini və müasir standartlara cavab vermədiyini, digər tərəfdən isə keçmiş Yuqoslaviya vaxtında tikilən AES-in seysmik həssas regionda yerləşdiyini əsas gətirirlər.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana

Dünya 2019-08-23 18:33:00