×
A
A
A
Sazlamalar

Xüsusi notariuslar nə qədər vergi ödəməlidir?

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycanda xüsusi notariuslar kimi fəaliyyət göstərən şəxslər üçün sosial ödənişlərin məbləği yenilənib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə xüsusi notariuslar fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.
Məlumata əsasən, xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.
Həmçinin xüsusi notarius üçün müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə gəlir vergisi tutulmalıdır.
Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Xüsusi notariuslar, eyni zamanda, ödəmə mənbəyində vergi tutmağa borcludurlar. Bu, əsasən, alqı-satqı müqavilələri üzrə tutulan vergilərə aiddir.
Xüsusi notariusların sosial sığorta haqlarının məbləği isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi ilə tənzimlənir. Həmin Qanuna əsasən, xüsusi notariuslar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında hesablanır. Hazırda minimum əməkhaqqının məbləğinin 180 manat olduğunu nəzərə alsaq, onun 10 misli 1800 manat təşkil edir. Həmin məbləğin 25 faizi isə 450 manata bərabərdir.
Sentyabrın 1-dən minimum əməkhaqqı məbləğinin artaraq 250 manata çatdırılacağı halda, gələn aydan xüsusi notariuslar üçün məcburi dövlət sosial sığorta haqlarının məbləğinin dəyişəcəyi gözlənilir.

Maliyyə 2019-08-23 17:41:00