×
A
A
A
Sazlamalar

“Sığortalı gələcək” adlı təşviqat proqramına başlanılıb

Bakı, 21 avqust, AZƏRTAC

Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Könüllülük Məktəbi” çərçivəsində “Sığortalı gələcək” adlı təşviqat proqramı hazırlanıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.
Avqustun 21-də “Sığortalı gələcək” layihəsinin açılışı olub. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov könüllülərlə tanış olub. Müasir dövrdə sığorta sektorunun qlobal maliyyə bazarlarında önəmli yer tutmasını qeyd edən İ.Alışov könüllülərə ölkəmizin sığorta bazarı barədə məlumat verib, layihənin əhəmiyyətini vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulayıb və bu layihədə iştirakın onların gələcək peşəkar fəaliyyətləri istiqamətində uğurlu addım olduğunu bildirib.
Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev bu layihə ilə bağlı fikirlərini bölüşüb, “ASAN Könüllüləri”nin ölkədə gedən icitmai-siyasi proseslərə daim dəstək olduğunu söyləyib.
C.Hacıyev sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində “ASAN Könüllüləri”nin rolunun önəmini vurğulayaraq onlara müvəffəqiyyətlər arzu edib.
Qeyd edək ki, proqramda iştirak etmək hüququ qazanmış könüllülər Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil ediləcək iki həftəlik təlim kursunda iştirak edəcək. Sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsindən ibarət olacaq.

Maliyyə 2019-08-21 19:01:00