×
A
A
A
Sazlamalar

Yaponiya və Cənubi Koreya müzakirələri davam etdirmək barədə razılığa gəliblər

Tokio, 21 avqust, AZƏRTAC

Yaponiyanın Xarici İşlər naziri Taro Kono və Cənubi koreyalı həmkarı Kan Kyun-hva iki ölkə arasında müharibə dövründə məcburi əməklə bağlı qarşıdurmanın həlli üçün diplomatik müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki ölkənin Xarici İşlər nazirləri Yaponiya Cənubi Koreyaya ixraca nəzarəti gücləndirdikdən sonra ilk dəfə Pekində bir araya gəliblər.
Cənubi Koreya Ali Məhkəməsinin İkinci Dünya müharibəsi zamanı məcburi əməyə cəlb edilənlərə kompensasiya ödənilməsi barədə qərarını xatırladan T.Kono bunu beynəlxalq hüququn pozulması adlandıraraq qarşı tərəfi vəziyyəti tezliklə düzəltməyə çağırıb.
İki ölkənin nazirləri, eyni zamanda, son həftələrdə yaxın məsafəli ballistik raketlərin sınağını bərpa edən Şimali Koreya ilə bağlı birgə fəaliyyət barədə razılığa gəliblər. Görüşdə Yaponiyanın ixraca nəzarəti artırması ilə bağlı Cənubi Koreya tərəfindən yaranan mənfi reaksiya barədə də fikir mübadiləsi aparılıb.
Gündəlikdə duran daha bir məsələ GSOMIA və ya Ümumi Təhlükəsizlik Məqsədilə Hərbi İnformasiya Mübadiləsi Barədə Razılaşma adlanan və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan ikitərəfli pakt olub. 2016-cı ildə imzalanan həmin pakt tərəflərdən biri avqustun 24-dək ondan çıxdığını elan etməyəcəyi təqdirdə avtomatik şəkildə yenilənir.
Görüşdən sonra mətbuata açıqlama verən T.Kono bildirib ki, Yaponiya, Cənubi Koreya və ABŞ üçün xüsusi əhəmiyyətə malik olan GSOMIA çərçivəsi saxlanılmalıdır. T.Kono ilə həmin razılaşmanı müzakirə etdiklərini təsdiqləyən Kan Kyun-hva isə Seulun bu sənədin müddətini uzadacağı barədə sualı şərh etməkdən imtina edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-21 15:49:00