×
A
A
A
Sazlamalar

Yol polisi Sabunçu rayonunda bir gündə iki maarifləndirici tədbir keçirib VİDEO

Bakı, 21 avqust, AZƏRTAC 

Daxili işlər orqanları ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyaları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.
Tədbirdə avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillərin sürücüləri barədə inzibati qaydada protokol tərtib olunub. Onlara avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah edilib. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan avtomobillərin sürücülərinə isə protokol tərtib edilmədən xəbərdarlıq olunub.
YPX əməkdaşları, həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiya da keçiriblər. Aksiya zamanı çimərliklərin girişinə müxtəlif maarifləndirici şüarlar vurulub. Yol polisləri sürücülərlə maarifləndirci söhbətlər apararaq dənizkənarı ərazilərdə avtomobil idarə edən zaman təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Sürücülərə yol polisləri tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Sosial 2019-08-21 13:07:00

Video