×
A
A
A
Sazlamalar

Məhəmməd Füzuli əsərləri ilə oxucusunu məhəbbətə, dostluğa, sülhə çağırır

Astara, 18 avqust, Bağır Əliyev, AZƏRTAC

Dahi Azərbaycan şairi, böyük mütəfəkkir filosof Məhəmməd Füzuli əsərlərində oxucusunu bədii sözün qüdrətilə sehirləyərək onları düşündürməyə, öz mənliyini, kainatı, həyat gözəlliklərini dərk etməyə, məhəbbətə, dostluğa, sülhə çağırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Astara rayonunun Sım kənd kitabxanasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə kitabxananın müdiri Xaspolad Fətullayevin şairin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib.
Şərq xalqlarının ədəbiyyatına böyük təsir göstərən dahi sənətkar Məhəmməd Füzulinin ana dilimizdə yaradıcılığı ilə yeni məktəb qurduğunu bildirən məruzəçi, Füzuli yaradıcılığının klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərdiyini diqqətə çatdırıb.
Kitabxananın fəal oxucuları Pərviz Salayev, Lalə Orucova, Haldun Baxşıyev çıxışlarında şairin şah əsəri olan “Leyli və Məcnun” poemasından söhbət açaraq qeyd ediblər ki, sələflərindən fərqli olaraq Füzuli əsərə bir çox yeni epizodlar və mövzu ilə bağlı türk xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə, insanın mənəvi gözəlliyinə və məhəbbətinə ölməz sənət abidəsi yaradıb.
Sonda kitabxananın oxucuları Məhəmməd Füzulinin qəzəllərindən parçalar söyləyiblər.
Tədbir iştirakçıları, həmçinin böyük Azərbaycan şairinin əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.

Regionlar 2019-08-18 19:15:00