×
A
A
A
Sazlamalar

Gürcüstanda bəzi ərzaq məhsullarında kimyəvi boyaq maddələri aşkar olunub

Tbilisi, 16 avqust, AZƏRTAC

Gürcüstanda istehsal olunan bəzi qida məhsullarında insan orqanizmi üçün təhlükəli kimyəvi boyaq maddələri aşkar olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Strateji Araşdırma və İnkişaf Mərkəzi ərzaq məhsullarının keyfiyyətini araşdırıb.
Araşdırma zamanı yerli mağazalarda satılan tomat sousu, qırmızı txemali və ədviyyat məhsullarında “Sudan I” kimyəvi boyaq maddəsi aşkar olunub.
Gürcüstanın Strateji Araşdırma və İnkişaf Mərkəzi həmin qida məhsullarının insan sağlamlığı üçün təhlükəli olduğunu bəyan edib və istehlakçıları altı konkret məhsuldan imtina etməyə çağırıb.
Gürcüstanın Milli Qida Agentliyi də öz növbəsində əlavə laborator yoxlamalar keçirəcəyini bildirib.
Qadağan olunmuş sintezləşdirilmiş boyaq maddəsinin müəyyən olunması məqsədilə nümunələr Latviyanın “Biori” laboratoriyasına göndəriləcək.
Məlumat üçün qeyd edək ki, “Sudan I” qrupuna daxil olan qeyri-qida boyaq maddələri dizel yanacağının istehsalı, parçaların və ya laboratoriyalarda preparatların boyanması üçün istifadə olunur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-08-16 15:43:00