×
A
A
A
Sazlamalar

Veteran sərhədçilərə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı təqdim olunub

Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) 1992-ci ildə müstəqil dövlətimizin sərhədlərinin mühafizəsinə çıxmış ilk sərhədçi əsgərləri də unutmayıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin avqustun 15-də DSX Aparatında “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi-texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrildiyini vurğulayıblar.
Tədbirdə, həmçinin 1992-ci il avqustun 22-də ulu öndər Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilib. Ulu Öndərin çağırışı ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər.
Sonra veteran sərhədçilərə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.
Daha sonra Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız sərhədçilərimiz üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş respublikamızın qarşısında duran əsas vəzifələrdən biri silahlı qüvvələrin yaradılması, sərhədlərin mühafizəsinin təmin edilməsi idi. Həmin dövrdə ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi, milli maraqlara xəyanəti nəticəsində ölkədəki özbaşınalıq, hərbi xidmətə çağırışın bərbad vəziyyətdə olması, sərhədçi kadrların, o cümlədən əsgər heyətinin çatışmazlığı bu vəzifələri xeyli çətinləşdirirdi. Məhz belə bir dövrdə bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, Azərbaycanın vətənpərvər, qəhrəman oğulları Sovet Sərhəd Qoşunlarından hərbi hissələrin təhvil alınmasında, Azərbaycan sərhədlərinin mühafizəyə götürülməsində əsl fədakarlıq nümayiş etdirərək Sərhəd Mühafizəsinin formalaşması prosesinə öz layiqli töhfələrini verdilər.

Sosial 2019-08-15 17:00:00