×
A
A
A
Sazlamalar

İnternat məzunu olan gənclərin iştirak etdikləri düşərgə başa çatıb

Bakı, 11 avqust, AZƏRTAC
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Dini radikallıq və ekstremizmlə mübarizədə internat məzunu olan gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Astarada keçirilən düşərgəyə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, düşərgədə müxtəlif internat evlərinin məzunu olan 30-a yaxın gənc iştirak edib.
Gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədovun təqdimatında dini radikallıq və onun fəsadları, ekstremizm və terrorizmə qarşı mübarizə, ölkədə tolerantlığın təmin olunması və bu sahədə dövlət siyasətində gənclərin rolu, onlara vətənpərvərlik hissinin aşılanması kimi aktual mövzularda seminarlarda iştirak ediblər.
Eləcə də, gənclərin müvafiq mövzularla bağlı ideyalarını ifadə etməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması üçün şərait yaradılıb.
Düşərgə müddətində gənclərin seminarlardan əlavə asudə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif idman müsabiqələri, intellektual oyunlar, əyləncəli proqramlar təşkil edilib.
Layihənin sonuncu günü iştirakçılar Astara şəhərinə səfər ediblər, şəhərin görməli yerləri və yeni salınmış bulvarla tanış olublar.

Sosial 2019-08-11 02:03:00