×
A
A
A
Sazlamalar

Qaradağda keçirilən maarifləndirmə tədbirində səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarından danışılıb

Bakı, 9 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə avqustun 9-da Qaradağ rayonundakı Gigiyena və Epidemiologiya Mərkəzində maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 – “qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” adlı videoçarxlar nümayiş etdirilib, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim olunub.

Sosial 2019-08-09 20:38:00