×
A
A
A
Sazlamalar

“Gənc vətənpərvərlər” İctimai Birliyi istehlakçıların hüquqlarına dair əhalinin məlumatlandırılması ilə bağlı layihəyə start verib

Bakı, 5 avqust, AZƏRTAC

“Gənc vətənpərvərlər” İctimai Birliyi “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması” adlı layihəyə start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən iclasda təşkilatın İdarə Heyətinin, birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Layihə rəhbəri Müqamət Əliyev çıxış edərək qeyd edib ki, əsas məqsəd GMO (Genetik modifikasiya olunmuş orqanizmlər) məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükə və Azərbaycanda bu sahədə qanunvericilik aktları barədə insanları maarifləndirmək, istehlakçı hüquqlarına dair təbliğat, təşviqat tədbirləri həyata keçirməklə ictimaiyyətin diqqətini bu yöndə olan problemlərinin həllinə cəlb etməkdir.
Eləcə də, əhali arasında GDO (geni dəyişdirilmiş orqanizmlər) ilə bağlı məlumatlandırma prosesinin gücləndirilməsi haqqında geniş müzakirələr aparmaqla yanaşı, gənclər arasında fiziki-mənəvi hazırlıq, vətənpərvərlik ruhunun yüksəldilməsi və milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaları sahəsində məqsədyönlü keyfiyyətləri təşviq etməkdir.
Bildirilib ki, üç ay müddətində icra olunacaq layihə ilə bağlı məsələ birliyin İdarə Heyətində müzakirə olunub. Təşkilatın səkkiz fəalı da könüllü olaraq buraya cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə, həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib.
Qeyd edək ki, layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlərin ictimaiyyət arasında paylanılması nəzərdə tutulur.

 

Sosial 2019-08-06 01:04:00