×
A
A
A
Sazlamalar

Altı ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 28 milyon kubmetrdən çox olub

Bakı, 1 avqust, AZƏRTAC

Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 20 milyon dollar əməliyyat və 24 milyon dollar əsaslı xərclər sərf edilib.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə ötən ilin iyununda başlayıb.
CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

 

Neft - qaz 2019-08-01 15:48:00