×
A
A
A
Sazlamalar

Paytaxtın 3 rayonunda 108 min istehlakçının təbii qaz təchizatı yaxşılaşacaq

Bakı, 26 iyul, AZƏRTAC

Yasamal, Nəsimi və Binəqədi rayonlarında 108 min istehlakçının təbii qaz təchizatı yaxşılaşacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt yolunun, “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən diametri 530 millimetr olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və sair amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunması zərurəti yaranıb. Bu böyükhəcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.
Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Ərazidə qazıntı işlərinin aparılmasına iyulun 29-da başlanacaq. Bu barədə artıq Bakı şəhəri, Binəqədi, Nəsimi rayonları icra hakimiyyətləri, eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi də rəsmi şəkildə məlumatlandırılıb.

Neft - qaz 2019-07-26 17:57:00