×
A
A
A
Sazlamalar

Ekvatorial Qvineya Azərbaycanla karbohidrogen sənayesində qabaqcıl texnologiyalara dair təcrübə mübadiləsində maraqlıdır

Bakı, 24 iyul, AZƏRTAC
Ekvatorial Qvineya Azərbaycanla karbohidrogen sənayesində bilik və qabaqcıl texnologiyalarla bağlı təcrübə mübadiləsində maraqlıdır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazov Ekvatorial Qvineyanın mədənçilik və karbohidrogen məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə bu il noyabrın 27-29-da Ekvatorial Qvineyada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumuna üzv ölkələrin dövlət və hökumət başçılarının V Sammitinə Azərbaycanın dəvəti, eləcə də ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Santiaqo Mba Eneme Nsuqa qaz ixracatçısı və təşkilatda müşahidəçi qismində təmsil olunan Azərbaycanın bu tədbirdə iştirakının ikitərəfli əməkdaşlıq üçün də əhəmiyyətli olacağını qeyd edib. Bildirilib ki, Ekvatorial Qvineya Azərbaycanla təkcə Qaz İxrac Edən Ölkələrin Forumu çərçivəsində deyil, həm də karbohidrogen sənayesində bilik və qabaqcıl texnologiyalarla bağlı təcrübə mübadiləsində maraqlıdır.
Dəvətə görə təşəkkürünü bildirən P.Şahbazov Qaz İxrac Edən Ölkələrin Forumu ilə əməkdaşlıq əlaqələrinin son illərdə intensivləşdiyini qeyd edib. Nazir deyib ki, Ekvatorial Qvineya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın ikitərəfli formatda, enerji sahəsində də inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilməlidir. Həmçinin bildirilib ki, Azərbaycan neft-qaz sahəsində təcrübəsini bölüşməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Neft - qaz 2019-07-24 18:38:00