×
A
A
A
Sazlamalar

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir

Bakı, 20 iyul, AZƏRTAC 

Mahiyyət baxımından Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə iri və xırdabuynuzlu heyvanların identifikasiya sisteminin olmaması qida təhlükəsizliyi nəzarəti şəbəkəsinin qurulmasında ciddi çətinliklər yaradır. Ancaq HİQS-dən məlumatlar əldə etməklə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaricolma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq. Sistemin mərhələli şəkildə yaradılması məqbul hesab olunur. Bunun üçün pilot ərazi seçilərək heyvandarlıq təsərrüfatlarının və istehsal müəssisələrinin qeydiyyatı aparılacaq, heyvan sahiblərinin və əlaqədar qurumların vəzifələri müəyyənləşdiriləcək. Sistemin pilot zonada sınaqdan keçirildikdən sonra ölkədə tətbiqi nəzərdə tutulur.
Bütövlükdə ölkə ərazisini heyvan xəstəliklərindən azad etmək uzunmüddətli və genişhəcmli tədbirdir. Beynəlxalq praktikada ölkənin bir hissəsinin Dünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq heyvan xəstəliklərindən azad bir region kimi formalaşdırılması təcrübəsi tətbiq edilir. Həmin təcrübənin indiyədək tətbiq edilməməsi heyvan və heyvan mənşəli məhsulların Avropa ölkələrinə ixracında, habelə idman atlarının yarışlarda iştirak məqsədilə aparılmasında ciddi çətinliklər yaradır. Abşeron yarımadası coğrafi, habelə nəqliyyat, istehsal və emal strukturu baxımından heyvan xəstəliklərindən azad regiona dair Dünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğundur. Azad regionun formalaşdırılması həmin məsələlərin həllinə kömək edəcək.

Sosial 2019-07-20 17:56:00