×
A
A
A
Sazlamalar

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının himni təqdim edilib

Bakı, 19 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının himninin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Federasiyanın rəhbərliyi, “Amputant” futbol komandasının üzvləri, ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
Bakı Mətbuat Mərkəzində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının sədri, layihənin ideya müəllifi Rövşən Quliyev qurumun yaranma tarixindən, fəaliyyətindən, “Amputant” komandasının qazandığı uğurlardan, eləcə də ölkəmizdə bu idman növünə göstərilən dəstəkdən danışıb. Qeyd edib ki, bir ildir fəaliyyət göstərən Qarabağ Əlil Döyüşçülər Federasiyası qısa zamanda uğurlara imza atıb. Milli komanda 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə, 2022-ci ildə isə dünya çempionatına vəsiqə qazanıb.
R.Quliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən söz açaraq müharibə nəticəsində əlil olmuş insanların cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışıb.
Sonra himnin təqdimatı olub. Marş janrında yazılan himnin musiqisinin müəllifi və ifaçısı Leylanur Babayeva, sözləri isə Tural Nəqşicahana aiddir. “Qazilər” adlı klipi istedadlı gənc rejissor Natiq Novruzov çəkib.
Böyük maraqla izlənən klipin nümayişindən sonra çıxış edənlər hərbi-vətənpərvərlik mövzusunda belə təşəbbüslərin əhəmiyyətindən danışıblar.

Regionlar 2019-07-19 21:55:00