×
A
A
A
Sazlamalar

Salyanın 90 yaşlı su qülləsindən reportaj VİDEO

Salyan, 19 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Salyan deyəndə ilk yada düşən Şirvan Milli Parkı, ceyran, Kür çayı, balıq olur. Salyana tez-tez yolu düşənlər bu rayonu həm də Heydər Əliyev küçəsinin sonundakı məşhur su qülləsinə görə tanıyırlar. Vaxtilə şəhərin böyük hissəsini su ilə təmin edən qüllə indi sanki qonaqlara mayak rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, su qülləsi 25-30 kilometr məsafədən göründüyünə görə həm də Salyanın emblemi sayılır. Ötən əsrin əvvəllərində Salyanda insanlar yalnız səhəng və at arabaları ilə Kür çayından su daşımaqla içməli suya olan tələbatlarını ödəyirdilər. Əhalini bu çətinlikdən qurtarmaq üçün Salyan qəzasında 1924-cü ildə su qülləsinin tikintisinə başlanılır. Deyilənlərə görə, Kalaşnikov soyadlı rus mühəndisin rəhbərliyi ilə inşa edilən su qülləsinin tikintisi bir müddətdən sonra müəmmalı şəkildə yarımçıq qalır. Beləliklə, su qülləsi 5 il ərzində tikilərək, nəhayət, 1929-cu ildə istifadəyə verilir. Su qülləsinin hündürlüyü 32, diametri isə 8 metrdir. Qüllənin üzərində su çəni quraşdırılıb. Tarixi sənədlərə əsasən həmin su çəninin də ümumi tutumu 50 tondur.
Salyan sakini Vilayət Əsgərov deyir: “Mənim uşaqlıq illərim burada keçib. Dəfələrlə bu çənə çıxmışam. Onun qəribə pilləkənləri var. Üzərindəki suvaq 1935-ci ildə çəkilib. Çox möhkəmdir”.
Tarixçi-tədqiqatçı Sahib Həsənov deyir ki, su qülləsinin bünövrəsi 5 metr dərinlikdədir. Qüllə elə tənzimlənib ki, o dövrdə su üçmərtəbəli binalara motorsuz qalxırmış. Qüllə təxminən bir əsrə yaxın fəaliyyət göstərib, burada su duruldulub, təmizlənib və insanlara su kəmərləri vasitəsilə çatdırılıb.
Qüllə tikilərkən paralel olaraq Kür çayından nasoslarla vurulan suyu durultmaq üçün yaxınlığında su anbarı da inşa olunub. Su anbarının ümumi tutumu min kubmetr təşkil edib. Ümumiyyətlə, o illərdə şəhər əhalisinin 30 faizi su qülləsinin hesabına içməli su ilə təmin olunurmuş. Qüllə ötən əsrin 70-ci illərinədək fəaliyyət göstərib. Memarlıq üslubuna görə də seçilən su qülləsi hazırda istifadəsiz qalıb.
Sahib Həsənov deyir ki, bu su qülləsi Salyanın tarixinə çevrildiyinə görə biz onu bir abidə kimi qoruyub saxlamalıyıq.
Əməkdar müəllim Allahverdi Piriyev isə su qülləsinin tarixi abidə kimi restavrasiya olunub saxlanılmasının önəmini qeyd edir.
Əlbəttə, arzulamaq gözəldir. Ümid edirik ki, sakinlərin bu arzuları nə vaxtsa reallaşacaq və Salyanın məşhur su qülləsi həm də yerli və xarici turistlərin sevimli məkanı olacaq, onun qapısındakı qıfıl ömürlük açılacaq...

Regionlar 2019-07-19 15:08:00

Video