×
A
A
A
Sazlamalar

İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər VİDEO

Xaçmaz, 19 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 19-da İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Qusarda Heydər Əliyev Mərkəzində, Sahib Məmmədov isə Xaçmaz şəhərindəki Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
Ümumilikdə qəbullarda 30-dək vətəndaşın müraciəti olub.
Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qusar və Xaçmazda təşkil olunan qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (www.economy.gov.az) və “facebook” səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Regionlar 2019-07-19 13:18:00

Video