×
A
A
A
Sazlamalar

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 18 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Bakı Şəhər Baş Səhiyyə İdarəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı rəhbər və komandir-rəis heyətinin fəaliyyəti” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə mərkəzin struktur bölmələri, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin, mülki müdafiə qüvvələrinin rəhbər və komandir-rəis heyətləri, eləcə də tabeliyində olan aidiyyəti obyektlərin rəhbərləri cəlb ediliblər.
Tədbir Bakı Şəhər Baş Səhiyyə İdarəsinin aparatının və struktur bölmələrinin, aidiyyəti tabeli səhiyyə müəssisələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, iş rejimi (hazırlıq) dərəcələrinə gətirilməsi, idarəetmənin təşkili, zədələnmə ocağında vəziyyətin qiymətləndirilməsi, qərarların qəbul edilməsi, tabeçilikdə olanlara tapşırıqların qoyulması, qarşılıqlı fəaliyyətin, hərtərəfli təminatın və koordinasiyanın təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması və başa çatdırılması zamanı rəhbər və komandir-rəis heyətinin fəaliyyəti üzrə sualların ardıcıl işlənilməsi ilə bir mərhələdə keçirilib.
Məşq zamanı vəziyyətin mürəkkəbləşdirilməsi məqsədilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin inzibati binası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası və 10 saylı Şəhər Poliklinikasında üç fövqəladə hadisə müəyyənləşdirilib.
Baş vermiş fövqəladə hallar üzrə siqnallar əsasında rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, eləcə də tabeli qurumların rəhbərlərinin xəbərdar edilməsi və idarəetmə üzrə fəaliyyətlər icra olunub.
Sonda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin iclas zalında vasitəçilərin iştirakı ilə rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib.

Sosial 2019-07-18 17:08:00