×
A
A
A
Sazlamalar

“Azəriqaz” istilik təchizatına dair yaranan problemlərlə bağlı məlumat yayıb

Bakı, 18 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayında 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb.
Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan tələbatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.
“Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb.

Neft - qaz 2019-07-18 17:03:00