×
A
A
A
Sazlamalar

Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymət ucuzlaşacaq VİDEO

Xaçmaz, 18 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
İnstitutun mütəxəssisləri kütləvi yığım öncəsi Xaçmazın pomidor sahələrinə baxış keçiriblər. Rayonun daha çox pomidor becərilən Qusarçay, Aşağı-zeyid və Susay kəndlərində təsərrüfat sahibləri ilə görüşən mütəxəssislər məhsuldarlığın bol olduğunu müşahidə ediblər.
“Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda pomidor sahələrinə baxış keçirdik. Hazırda olduğumuz sahədə bol məhsul var. Hər hansı bir xəstəlik və zərərvericilər müşahidə olunmur. Havaların qeyri-sabit keçməsinə görə bu il şitillərin sahələrə köçürülməsi gecikib. Bununla əlaqədar hazırda pomidorun yetişməsi də ötən illərlə müqayisədə gecikir. Amma mütəxəssislərlə birgə bol məhsulun olduğunu müşahidə etdik. Bir həftə ərzində Xaçmazda yetişən pomidor paytaxt bazarlarına göndəriləcək. Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymətlərin ucuzlaşacağı gözlənilir”, - deyə E.Allahverdiyev qeyd edib.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri ilə birlikdə pomidor sahələrinə keçirilən baxış zamanı mütəxəssislər təsərrüfatçılara müvafiq tövsiyələrini verib, aqrotexniki qaydalara əməl etməyin vacibliyi izah olunub.
Xaçmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” növləri becərilir. Əsasən yerli bazarlarda satılan Xaçmaz pomidorunun ixrac potensialı da var.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2043 hektar pomidor sahəsindən 52 min ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2123 hektar sahədə pomidor əkiblər.

Regionlar 2019-07-18 14:37:00

Video