×
A
A
A
Sazlamalar

Rəsmi Kiyev Macarıstanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edir

Kiyev, 16 iyul, AZƏRTAC

Ukrayna Macarıstanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edir.
AZƏRTAC bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, rəsmi Kiyev yaydığı bəyanatında Macarıstan hakimiyyətini növbədənkənar parlament seçkiləri ərəfəsində Ukraynanın daxili işlərinə qarışmasından narahatlığını ifadə edib.
Bəyanatda qeyd edilir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində Macarıstan rəsmilərinin Zakarpatya vilayətinə intensiv səfərləri və müəyyən namizədlərin aşkaranə təbliğatı ilə məşğul olmaları müşahidə edilməkdədir.
Bundan başqa, rəsmi Kiyevin tövsiyəsinə baxmayaraq, Macarıstan Baş Naziri Administrasiyasının rəhbəri diplomatik pasportla Ujqorod rayonuna qeyri-rəsmi səfər edərək, ictimai tədbirə qatılıb. Ukrayna bunu diplomatik qanunların pozulması və mehriban qonşuluq ruhuna zidd olduğunu hesab edir. Rəsmi Kiyev Macarıstanın Ukraynanın daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün müəyyən tədbirlər görmək hüququnun olduğunu bəyan edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-07-16 04:36:00