×
A
A
A
Sazlamalar

Masallıda qədim papaqçılıq sənəti yaşadılır

Masallı, 15 iyul, Bağır Əliyev, AZƏRTAC

Ta qədim dövrlərdən ulu babalarımız papağa böyük hörmət bəsləyib və onu göz bəbəyi kimi qoruyublar. “Kişinin namusu üç şeydir” deyən əcdadlarımız, bu sırada papağı birinci dəyərləndiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün bu sənətin məhsuluna tələbat az olsa da, Masallı rayonun Boradigah qəsəbəsində papaqçılıq sənətini yaşadan və bundan çörək pulu qazanan sənətkarlar da var. Onlardan biri Yaqub Məmmədovdur.
Y.Məmmədov 55 ildir papaqçılıqla məşğuldur. O, kiçik emalatxanasında ata-babalarından miras qalan bu qədim el sənətini böyük sevgi ilə yaşadır.
Papaqçı Yaqub kişi bu sənətin babasından atasına, atasından da ona əmanət olaraq ötürüldüyünü bildirib. Onun tikdiyi papaqlar xarici ölkələrdə də böyük maraqla qarşılanır.
Usta papaqları hazırlamaq üçün quzu dərisindən istifadə edir. Xammal üçün lazım olan dərilər Özbəkistandan gətirilir. Burada əsas məsələ odur ki, quzunun dərisinin üzərindəki düyünlər açılmasın.
Usta Yaqubun sözlərinə görə, müştərilərin əksəriyyəti milli forma papaqlara üstünlük verirlər. Onun tikdiyi papaqlarının sorağı Almaniya, Fransa və digər Avropa ölkələrindən gəlir.
Yaqub kişi deyir ki, bu müştərilər onun əli işinin keyfiyyətinin yaxşı olduğu üçün gəlib alırlar.
Papaqların qiymətlərinə gəlincə həmsöhbətimiz bildirdi ki, qiymətlər materialdan asılı olaraq dəyişir. Təbii dəridən hazırlanan papaqların qiymətləri 500 manata qədər ola bilir. Ən bahalı papaqlar gümüşü rəngdə olan əntiq dəridən hazırlanır.
Usta Yaqub bildirib ki, yaxşı papaqçı olmaq üçün həyatını bu sənətə həsr etmək lazımdır.

 

Regionlar 2019-07-15 14:08:00