×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Universitetində “Odlar yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin açılışı olub

Sumqayıt, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

İyulun 15-də Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt Dövlət Universiteti (SDU) “Odlar yurdu Azərbaycana səyahət” adlı yay məktəbi layihəsinə start verib. Layihədə Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kuban və Ural bölgəsinin ali məktəblərinin tələbələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, layihə iştirakçıları universitetin rektoru, professor Elxan Hüseynovla birgə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
SDU-nun rektoru Elxan Hüseynov 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünün, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatların başlandığını vurğulayıb. O, müstəqil Azərbaycanın qurulmasında Ulu Öndərin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən danışaraq qeyd edib ki, zəngin siyasi irsə, təcrübəyə malik olan Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib.
Sonra layihə iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elmar Xəlilov şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat verərək bildirib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
İyulun 21-dək davam edəcək layihənin iştirakçıları Sumqayıt Dövlət Universitetində olub, Sumqayıt şəhəri ilə yaxından tanış olacaq, ölkəmizin qabaqcıl ali məktəblərinə gedəcək, dəyirmi masalarda iştirak edəcək, həmçinin xüsusi proqram əsasında reallaşan bir sıra tədbirlərə qatılacaqlar.

Regionlar 2019-07-15 13:37:00