×
A
A
A
Sazlamalar

Başqırdıstanda ağır yol-nəqliyyat qəzasında 5 nəfər ölüb

Bakı, 15 iyul, AZƏRTAC

Başqırdıstanda baş vermiş ağır yol-nəqliyyat qəzasında ən azı 5 nəfər ölüb, daha 5 sərnişin yaralanıb. AZƏRTAC “Başinform” informasiya agentliyinə istinadla xəbər verir ki, içərisində 39 sərnişinin olduğu “King Long XMQ” markalı avtobus Ufa-İnzer-Beloretsk avtomagistralının 54-cü kilometrliyində aşıb. Hadisə yerinə polis və xilasetmə qüvvələri cəlb olunub. Rusiya FHN-in Başqırdıstan regional idarəsinin əməkdaşları sağ qalmış və xəsarət almamış sərnişinləri təxliyə ediblər. Qəza ilə bağlı əməliyyat qərargahı yaradılıb.
Avtobusdakı sərnişinlərin Tatarıstandan olan turistlər olduqları bildirilir. Başqırdıstanın başçısının vəzifəsini icra edən Radiy Xabirov həlak olanların ailələrinə yardım edilməsi və yaralıların müalicəsi ilə bağlı göstərişlər verib.

Dünya 2019-07-15 11:58:00