×
A
A
A
Sazlamalar

Masallıda keçirilən humanitar aksiyada 206 nəfər könüllü qan verib

Masallı, 12 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 12-də Masallı Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri qana ehtiyacı olan insanlara kömək məqsədilə humanitar aksiyaya qoşulublar.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Humanitar aksiyada iştirak edən 1000 nəfərə yaxın könüllünün yalnız 206-sından qan götürülüb.
Rayon sakinləri xeyriyyə tədbirinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildiriblər.
Aksiyada toplanan qan nümunələri talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Regionlar 2019-07-12 19:54:00