×
A
A
A
Sazlamalar

Sumqayıtda uşaqlar üçün “Oxu, öyrən, əylən” adlı tədbir təşkil olunub

Sumqayıt, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtın Nəriman Nərimanov adına Parkında “Oxu, öyrən, əylən” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan tədbir S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin 50 illiyinə həsr edilib. Tədbir çərçivəsində oxucularla birlikdə oxu saatı təşkil edilib, oxunan kitablara aid verilən suallar cavablandırılıb.
Balaca oxucuların və şəhər sakinlərinin böyük maraqla qarşıladığı və həvəslə qatıldığı tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda mütaliəyə marağı artırmaq, kitabın ünsiyyətə, dostluğa verdiyi töhfəni aşılamaqdı.
Sonra uşaqların iştirakı ilə “Şən startlar” oyunu keçirilib. “Sumqayıt -70” və “ Uşaq şöbəsi-50” komandaları arasında keçirilən oyunun iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.
Tədbir boyu yaşıllığın qoynunda uşaqlar müxtəlif stolüstü oyunlar (domino, şahmat, dama və s.) və bir sıra unudulmaqda olan uşaq oyunları oynayaraq maraqlı vaxt keçiriblər.
Sonda “Yaya kitabla” başlığı altında hazırlanan sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Regionlar 2019-07-12 16:19:00