×
A
A
A
Sazlamalar

Narkomaniyaya qarşı mübarizə hamının və hər kəsin borcudur

Bərdə, 11 iyul, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində narkomaniya və narkobiznesə qarşı mübarizə, gənclərin bu bəlaya qarşı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Muğanlı kənd kitabxana filialında "Narkomaniyaya yox deyək", Bərdə rayon mərkəzi kitabxanasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, Mingəçevir şəhər 10 nömrəli kitabxana filialında "Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir", Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyirik”, Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən klub-icma mərkəzində "Narkomaniya ümumbəşəri bəladır", Tərtər rayon Qarağacı kənd kitabxana filialında “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə” adlı tədbirlər təşkil olunub. Tədbirlərdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışılıb.
Bildirilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olur. Azərbaycan müstəqilliyin bərpasından sonra narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Bu sahədə bir sıra uğurlu tədbirlər görülüb. Lakin bu bəlaya qarşı təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Regionlar 2019-07-11 18:48:00