×
A
A
A
Sazlamalar

Litvanın Avropa Parlamentindəki üzvləri Belarus AES ilə bağlı etiraz edəcəklər

Vilnüs, 11 iyul, AZƏRTAC 

Avropa Parlamentinin litvalı deputatları Belarusun Ostrovsk şəhərində inşası planlaşdırılan AES layihəsi ilə bağlı etiraz edəcəklərini bildiriblər. Ostrovsk şəhəri Vilnüsdən 50 kilometr məsafədə yerləşir.
AZƏRTAC xəbər verir ki, deputatlar AES-in inşasının qarşısını almaq üçün heç bir hüquqi mexanizmin olmadığını deyirlər. Bu məsələ ilə bağlı açıqlama verən Avropa Parlamentinin üzvü Yuozas Olekas hər şeyin yalnız aparılacaq danışıqlardan asılı olacağını deyib. Deputatlar bildirirlər ki, Avropa İttifaqı Litvanın AES-lə bağlı fikirlərini ciddi qəbul etməlidirlər. Onlar hesab edirlər ki, stansiyanın tikintisi və istifadəsi zamanı nəzərdə tutulan təhlükəsizlik qaydaları hər hansı bir faciənin qarşısını ala bilməz.
Baltik ölkələri Avropanın elektrik şəbəkəsinə 2025-ci ildə qoşulmağı planlaşdırıblar. Litva artıq üçüncü ölkədən elektrik enerjisi almamaq barədə sözləşmə imzalayıb. Latviya və Estoniya da müvafiq sənədi imzalamağa hazırlaşır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Dünya 2019-07-11 15:20:00