×
A
A
A
Sazlamalar

Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub VİDEO

Lüksemburq, 11 iyul, AZƏRTAC
Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində iştirak etmiş Bahar Muradova, Azay Quliyev, Tahir Mirkişili, Ülviyyə Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənovun daxil olduqları Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara Mərkəzin gözəl tərtib olunmuş və Azərbaycan rəssamlarının və heykəltəraşlarının əsərləri, çap materialları, milli geyimdə olan manekenlər qoyulmuş binası göstərilib.
Assosiasiyanın üzvləri azərbaycanlı deputatlara təmsil etdikləri diaspor təşkilatının fəaliyyəti haqqında məlumat veriblər və öz tarixi Vətənlərinin naminə apardıqları işi davam etdirmək arzusunu və əzmini ifadə ediblər.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin vitse-spikeri, eyni zamanda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Bahar Muradova soydaşlarımıza göstərdikləri vətənpərvərliyə və çoxşaxəli fəaliyyətə görə təşəkkür edib, bu təşkilata hərtərəfli kömək və dəstək göstərməyə hazır olduğunu bildirib. O, Lüksemburqdakı Azərbaycan diasporunun fəalları ilə bu ölkənin siyasətçiləri, xüsusən Hersoqluğun qanunverici orqanının deputatları arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib. Vitse-spiker deyib: “Başa çatan sessiya bunun necə mühüm olduğunu göstərdi. Lüksemburq təkcə Aİ-də deyil, həm də ATƏT-də mühüm dövlətdir və lüksemburqlu həmkarlarımızın sessiyalarda necə səs verməsi də bizim üçün əhəmiyyətlidir”.
Deputat Azay Quliyev də Assosiasiyanın rəhbərlərinə Vətən naminə fəaliyyətlərinə görə təşəkkürünü bildirib. O, xalq və diaspor səviyyələrində yaradılan əlaqələrin Azərbaycan dövlətinin uğurları barədə düzgün informasiyaların, ölkəmizin bugünkü reallıqlarının avropalılara çatdırılmasında böyük əhəmiyyətini vurğulayıb.
Lüksemburqda tanınmış şəxsiyyət və ölkəmizin həqiqi dostu xanım Lea Linsterin rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyası 2011-ci ildən Lüksemburq ictimaiyyəti üçün maarifləndirici iş aparır, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini təbliğ edir, müxtəlif sahələrdə dostluq əlaqələrinin və ikitərəfli əməkdaşlığın inkişafına kömək edir. Bu təşkilatın yüzə yaxın üzvü var və onların əksəriyyəti lüksemburqlulardır. Assosiasiya hər il Azərbaycan rəssamlarının və heykəltəraşlarının sərgilərini, musiqiçilərin və rəqs qruplarının konsertlərini təşkil edir, filmlər nümayiş etdirir. Bundan başqa, bu təşkilat illik beynəlxalq yarmarkada da iştirak edir.
Heydər Əliyev Fondu Assosiasiyaya kömək məqsədilə çoxlu sayda kitab, jurnal və kompakt-disklər göndərib. 2014-cü ildə Assosiasiyanın evi olan “Qarabağ” Mərkəzinin açılışı olub. Qeyd etmək lazımdır ki, Mərkəz Lüksemburqun mərkəzində yerləşir.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

Siyasət 2019-07-11 12:14:00

Video