×
A
A
A
Sazlamalar

Hirkan–Mamusta–Siyavar avtomobil yolunda təmir işləri başa çatıb VİDEO

Lənkəran, 10 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Ölkəmizdə daha bir avtomobil yolunun tikintisi başa çatıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncamla tikintisinə başlanılan Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunda işlər yekunlaşıb. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən yol sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, ümumi uzunluğu 7 kilometr olan avtomobil yolunun yenidən qurulması sakinlərin hədsiz sevincinə səbəb olub.
Kənd sakinləri öz sevinclərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Mamusta kənd sakini Əhməd Dadaşov deyib: “Yollarımız çox bərbad halda idi. Maşınlarımız dağılırdı, hər gün onları təmir etməkdən yorulmuşduq. Yağışlı havalarda uşaqlarımız məktəbə gedib-gələ bilmirdi. İndi hər şey yaxşıdır. Yolumuzun təmir olunması bizi çox sevindirdi”.
Yolun birinci dəfə təmir olunduğunu deyən Daşdalıqjar kənd sakini Valeh Musayev bildirib: “Mənim 58 yaşım var. Əvvəllər yolumuz dərə-təpə idi, avtomobillərimiz tez sıradan çıxırdı. Allah Prezidentimizə cansağlığı versin. Dövlətimizin başçısı kənd yollarının abadlaşması üçün lazımi tapşırıqlar verir. Uzun illər idi ki, bu yolun təmirini həsrətlə gözləyirdik”.
Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tam müasir standartlara uyğun yenidən qurulmasını kənd ziyalıları da razılıq və minnətdarlıq hissi ilə qarşılayıb, dövlətimizin başçısına təşəkkürlərini çatdırdılar. Şakir Qasımov vurğulayıb: “Yol həyat deməkdir, yol inkişaf deməkdir, yol insanların yaxşı güzəranı deməkdir. Mən 45 ildir həkim işləyirəm. Yolun bərbad vəziyyətə olması ucbatından təcilli yardım maşını ilə xəstə yanına gedə bilmirdik, 10-15 dəqiqəlik yolu 2 saata qət edirdik. İndi isə gözəl yol çəkilib. Buna görə cənab Prezidentimizə minnətdarıq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli deyib: “Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial və iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Uzun müddət əsaslı şəkildə təmir olunmayan Hirkan–Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında da məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin gediş-gəlişini təmin etmək, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yoluna rahat çıxış əldə olunmaqla, yük və sərnişin daşınmasını asanlaşdırmaqdır”.
Hazırda ümumi uzunluğu 55 kilometr olan respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri aparılır. Son illərdə yağan aramsız yağıntılar nəticəsində çoxsaylı sürüşmə və uçqunların baş verməsi yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaradıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur.

Regionlar 2019-07-10 00:56:00

Video