×
A
A
A
Sazlamalar

Berlin Humboldt Universitetində Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan tədbir keçirilib VİDEO

Berlin, 6 iyul, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının birgə təşkilatçılığı ilə bu təhsil ocağında “Azərbaycan diplomatiyasının 100 illiyi” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə Azərbaycan diplomatiyasının 100 illiyinə dair məruzə ilə çıxış edib. O, Azərbaycanın diplomatiya tarixinə nəzər salaraq, bu tarixin orta əsrlərin erkən dövrlərinə təsadüf etdiyini bildirib, Azərbaycanın diplomatiya tarixində Sara Xatun, Uzun Həsən və Şah İsmayıl Xətai kimi görkəmli tarixi şəxsiyyətlərin olduğunu diqqətə çatdırıb.
Səfir Çar Rusiyasının süqutundan sonra - 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını və bu respublikanın hələ yarandığı gündən etibarən mürəkkəb siyasi vəziyyətlə üzləşdiyini, bütün çətinliklərə baxmayaraq, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyətinin gərgin əməyi sayəsində de-fakto dövlət olaraq tanındığını bildirib. O, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin vacib qərarlarından birinin də Xarici İşlər Nazirliyi Katibliyinin təsis edilməsinə dair 9 iyul 1919-cu il tarixli qərarın olduğunu vurğulayıb, bu günün hazırda Azərbaycanda diplomatiya günü olaraq qeyd edildiyini diqqətə çatdırıb. Cümhuriyyət ətrafında mövcud olmuş beynəlxalq vəziyyətin durmadan kəskinləşməsi nəticəsində respublikanın müstəqilliyinə son qoyulduğunu və Azərbaycanın Sovet Rusiyasına ilhaq edildiyini nəzərə çatdırıb.
Diplomat Sovet İttifaqının süqutu ilə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu, müasir Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu, buna görə də Cümhuriyyətə məxsus dövlət atributlarını qəbul etdiyini bildirib. O, hazırda ölkəmizin həyata keçirdiyi xarici siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Səfir, həmçinin Azərbaycan Respublikasının xarici siyasətinin təməl prinsipləri və mühüm istiqamətlərinə, həmçinin Ermənistan tərəfindən torpaqlarımızın işğalına və işğalın nəticələrinə dair məlumat verib. O, məruzəsinin sonunda Almaniya-Azərbaycan münasibətlərinin tarixinə və bu gününə qısa ekskurs edib və Avropada Azərbaycanın mühüm tərəfdaşlarından birinin Almaniya olduğunu bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin müdir müavini Monika Leonhard çıxış edərək Almaniya-Azərbaycan münasibətlərinin tarixinə və aktual durumuna nəzər salıb. O, Azərbaycanda alman irsinin böyük qayğı ilə qorunulub saxlanılmasının Almaniyada məmnunluq hissi ilə qarşılandığını bildirib, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini, həmçinin Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşının Azərbaycan olduğunu qeyd edib.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux geniş məruzə ilə çıxış edib. O, iştirakçılara Azərbaycanın diplomatiya tarixinə dair ətraflı məlumat verib və Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatik fəaliyyət və Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətini təsvir edib. Cümhuriyyətin üzləşdiyi çətinliklərdən bəhs edən professor müasir Azərbaycan Respublikasının yarandığı dövrdə də eyni çətinliklər və çağırışlarla qarşılaşdığını vurğulayıb. Bu çağırışların əsas etibarilə qonşu dövlətlərin ərazi iddiaları ilə bağlı olduğunu, hər iki dövrdə Azərbaycanın məsələyə diplomatik vasitələrlə yanaşdığını diqqətə çatdırıb.
Tədbir jurnalist Birqit Vetselin moderatorluğu və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Vüqar Qafarovun, professor Udo Ştaynbaxın, professor Eva-Maria Auxun və Alman Akademik Mübadilə Xidmətinin Berlin Bürosunun rəhbəri Kay Frankenin iştirakı ilə panel diskussiyası formasında davam edib. Diskussiya çərçivəsində Azərbaycan Respublikasının xarici siyasətinə və Azərbaycan-Almaniya münasibətlərinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2019-07-06 18:42:00

Video