×
A
A
A
Sazlamalar

Şəbəkələrdə elektrik enerjisinin itkiləri mövzusunda təlim təşkil edilib

Bakı, 4 iyul, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və “DNV GL” şirkətinin birgə təşkilatçılığı ilə şəbəkələrdə elektrik enerjisinin itkiləri mövzusunda təlim keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bir neçə sessiyadan ibarət təlimdə ilk olaraq iştirakçılara itkilərin azaldılmasının əhəmiyyəti, Azərbaycan kontekstində itkilərin azaldılması, tərif və təsnifat, itkilərin növləri və ölçmə meyarları, beynəlxalq müstəvidə müqayisələr və fərqlərin səbəbləri barədə məlumat verilib.
Daha sonra texniki itkilərin azaldılması strategiyaları haqqında söhbət açılıb, texniki itkilərə səbəb olan qüvvələr barədə danışılıb. Kommersiya itkilərinin azaldılması strategiyası müzakirə edilərkən itkilərin azaldılması variantları, xərc və faydanın balansı müqayisəli şəkildə təhlil olunub.
İnteraktiv müzakirələr şəraitində keçən təlimlərdə iştirakçıların suallarını cavablandıran təlimçilər bir sıra ölkələrdə yaşanmış təcrübələrdən nümunələr gətiriblər. Belə ki, Çili, Argentina və Oman kimi yüksək itkiləri azaltmağa nail olmuş ölkələrin bu fəaliyyətlərinin qısa icmalı verilib. Bu sahədə aparıcı Avropa ölkələrinin təcrübəsindən danışan təlimçilər Ukraynanın da əldə etdiyi nailiyyətləri misal göstəriblər.

Energetika 2019-07-04 18:20:00