×
A
A
A
Sazlamalar

Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində "Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması" mövzusunda seminarın növbəti iki sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriya Federal Kanslerliyinin ətraf mühit və dayanıqlı inkişaf üçün 2030 Gündəliyi sektorunun rəhbəri Ana Jakil-Holzerin moderatorluğu ilə keçən ilk sessiya iqlim dəyişikliklərinə həsr olunub.
Sessiyada çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə edilir: "Bu unikallığın üstünlükləri ilə yanaşı, çətinlikləri də var. Dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçməyib. Son 30 il ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə artıb. Bununla yanaşı, son 10 il ərzində Xəzər dənizinin səviyyəsi 1,2 metr azalıb.
Azərbaycanda 1847-ci ildə neft hasilatına başlanılıb. Bu proses dənizdə 1949-cu ildə həyata keçirilib. 170 illik tarixə malik neft hasilatı iqlim dəyişmələrində rol oynayıb. Xəzər dənizində 5 sahilyanı ölkə neft hasilatı ilə məşğuldur. Həmin ölkələr mənfi təsirlərin qarşısını almaq üçün birgə səy göstərməlidir.
Azərbaycan əhalisinin 40 faizi Bakıda və Abşeron yarımadasında məskunlaşıb. Neft hasilatının 70 faizi buradadır. Burada su ilə təminat məsələsi qarşımızda duran ən vacib məsələlərdən biridir. Bunun üçün yeni su mənbələrinin tapılması vacibdir. Həmçinin burada yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var.
O vaxtlar neft hasilatı zamanı bütün proseslər primitiv üsullarla həyata keçirildiyindən Abşeron yarımadasında 100 min hektardan çox ərazi neftlə çirklənib".
Nazir, həmçinin qeyd edib ki, atmosferə atılan tullantıların 70 faizdən çoxu avtonəqliyyat vasitələrinin payına düşür. Təkcə paytaxt Bakıda 700 min avtomobil var. Çirklənmənin qarşısını almaq üçün əhali maarifləndirilir, hibrid maşınlar, elektromobillərin istifadəsi təşviq edilir. Məqsəd atmosferə atılan zərərli qazların təsirini azaltmaqdır.
Avropa ölkələrində ətraf mühitin qorunması üçün ekoloji standartların mövcud olduğunu deyən nazir iqlim dəyişikliyinin qarşısının alınması üçün bütün ölkələrin ona riayət etməsinin vacibliyini vurğulayıb.
Liberiyanın Paynesvil Bələdiyyəsinin sədri Pam Belçer-Taylorun moderatorluğu ilə keçən ikinci sessiya dayanıqlı şəhərlər və icmalara həsr olunub.
Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ölkədə şəhərsalma və memarlıq sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verib. Sədr vurğulayıb ki, bu sahədə aparılan islahatların əsas məqsədi ölkədə davam edən urbanizasiya prosesinin və şəhərsalma fəaliyyətinin planlı və sistemli təşkil olunmasını təmin etməkdir.
Samir Nuriyev Azərbaycanın bu sahədə sistemli yanaşmasının beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.
Komitə sədri ölkə şəhərlərinin dayanıqlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması istiqamətində işlər görüldüyünü də diqqətə çatdırıb.
Sessiyalar zamanı, həmçinin müxtəlif ölkələrin nümayəndələri öz təcrübələrini bölüşüb, görülən işlər barədə ətraflı məlumat veriblər.

Siyasət 2019-06-25 18:27:00

Video